Uşaqlarda vaxtından əvvəl damaq əməliyyatı aparılmalıdır? – Müsahibə

749
0
Uşaqlarda vaxtından əvvəl damaq əməliyyatı

“Damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gec aparılan əməliyyat isə nitqdə pozulmalara gətirib çıxardır”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev qurumun rəsmi saytına müsahibəsində deyib.

– İsmayıl müəllim, ilk öncə bilmək istərdik ki, ağız və üz-çənə cərrahı nəyi müalicə edir?

– Ağız və üz-çənə cərrahiyyəsi ixtisası ağız boşluğunda və üz-çənə nahiyəsində sərt və yumşaq toxumalarının müxtəlif növ xəstəliklərinin, zədələnmələrinin, estetik və funksional pozuntuların diaqnostikası və müalicəsi ilə məşğuldur. Xəstəliklərdən danışarkən biz iltihabi proseslər, şiş xəstəlikləri, zədələnmələr (travma nəticəsində əmələ gələn sınıqlar, yaralanmalar, yanıqlar və s.), estetik və funksional pozuntular (anadangəlmə və qazanılmış qüsur və deformasiyalar) nəzərdə tuturuq.

Bunun üçün ağız cərrahı və ya üz-çənə cərrahı dişlərin çıxarılması, irinliklərin açılması, diş implantasiyası və diş ətində cərrahi əməliyyatlar, onkoloji xəstəliklərin ilkin diaqnostikası üçün patoloji materialın götürülməsi, üz skeleti sümüklərinin sınıqlarının müalicəsi, gicgah-çənə oynağının cərrahiyyəsi, üz-çənə nahiyəsində olan qüsur və deformasiyaların rekonstruksiya estetik cərrahiyyəsi kimi əməliyyatların aparılmasını bacarmalıdır.

– Ölkəmizdə ağız və üz-çənə cərrahiyyəsi sahəsi üzrə mütəxəssislər hansı müasir üsullardan istifadə edirlər?

– Müasir texnologiyaların tətbiqi ilə qabaqcıl ölkələrdə istifadə olunan hər yeni yanaşmalar demək olar ki, Azərbaycanda da tətbiq olunur. Bunlara endoskopiya üsul ilə diaqnostika və cərrahiyyə; distraksion osteogenez; lazer cərrahiyyəsi; mikrocərrahiyyə; rəqəmli texnologiyalara əsaslanan diaqnostikada planlaşdırma, simulyasiya və müalicə üsulları; naviqasiya ilə aparılan cərrahiyyə, toxuma mühəndisliyi, kötük hüceyrələrin tətbiqi texnologiyası aiddir.

– Yeni doğulmuşlarda üz-çənə nahiyəsində rast gəlinən bəzi patologiyaların qarşısını almaq mümkündürmü?

– Üz-çənə nahiyəsinə aid yeni doğulmuşlarda rast gəlinən bəzi patologiyalar adətən anadangəlmə dodaq-damaq yarıqlar, xalq arasında “dovşandodaq” və “qurdağız” deyilən xəstəliklərdir. Bunlar hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozğunluqlar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur.

Səbəbi müxtəlifdir: irsi xəstəliklər, hamiləlik dövrünün problemli keçməsi (müxtəlif dərmanların qəbulu, intoksikasiya, bətndaxili hipoksiya, stres və bəzi şəkərli diabet kimi sistem xəstəlikləri), ətraf mühitin çirklənməsi, ananın pis vərdişləri və nəhayət, qohum evliliyi.

Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlarda ən çox rast gəlinən problem qidalanmanın pozulması, hava yolu tıxanıqlığı, xırıltılı tənəffüs, nitqin pozulması, çəki itkisi və s. kimi problemlərə rast gəlinir. Bunun üçün mütəxəssisə vaxtında müraciət etməli və müalicəyə başlanılmalıdır.

Bu patologiyalarla doğulmuş uşaqlar 17-18 yaşına qədər üz-çənə cərrahlarının, ortodontların, loqopedin və pediatrların daimi nəzarəti altında olmalı, onların müayinə və müalicəsini almalıdır.

Dodaq yarıqları üçün uşaqlarda “xeyloplastika”nın ilk 3-6 aylarında, damaq yarıqları zamanı isə “stafiloplastika” və “uranostafiloplastika”nın 9-18 aylarında aparılması tövsiyə edilir. Cərrahi əməliyyatlar ümumi anesteziya altında aparılır.

Onu da qeyd edim ki, damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gec aparılan əməliyyat isə nitqdə pozulmalara gətirib çıxardır.

– Üz skeleti sümüklərinin inkişafdan qalması üzdə müxtəlif deformasiyalara səbəb olur. Onların üz-çənə cərrahiyyəsi ilə aradan qalxması mümkündürmü?

– Günümüzdə üz skeletinin inkişafdan qalması ilə əmələ gələn deformasiyalarla yaşayan bir çox insan mövcuddur. Onlarda qida qəbulunun pozulmasına gətirən dişlərin pozulması, üzün əyriliyinə gətirən çənənin həddindən artıq irəlidə və ya arxada olması, digər funksional və estetik pozuntular olur. Bu səbəbdən həmin şəxslərdə müxtəlif psixoloji komplekslər (cəmiyyətdən sosial təcrid, özünə qapanma, əmək fəaliyyətlərinin aşağı düşməsi və s.) yarana bilər. Bu əməliyyatlar üz-çənə cərrahiyyəsində ümumən “ortoqnatik cərrahiyyə” adlanır və cərrahla ortodontun müştərək məhsulu olmalıdır. Bu zaman pasiyent ortodont və cərrah tərəfindən konsultasiya edilir və müalicənin bir hissəsi olaraq cərrahi müalicənin lazım olub-olmamasına qərar verilir. Əməliyyat adətən 17 yaşında üz skeleti sümüklərinin inkişafı tamamlandıqdan sonra aparılır.

Cərrahi əməliyyatın planlaması olduqca vacib bir məsələdir. Müasir rəqəmli texnologiyaları tətbiq etmədən bu əməliyyatların uğurlu nəticəsini gözləmək olmaz.

Əməliyyat ümumi anesteziya altında icra edilir. Cərrahi əməliyyatın həcmi deformasiyanın ağırlığından asılıdır. Əməliyyat sonrası ağrı isə demək olar ki, yoxdur.

– Gicgah-çənə oynağı disfunksiyasının səbəbini nədə görürsünüz?

– Gicgah-çənə oynağı çənə hərəkətlərini yerinə yetirən strukturdur. Onun fəaliyyətinin pozulması həyat əhəmiyyətli funksiyaları, qida qəbulunu və nitqi ciddi şəkildə çətinləşdirir, bəzən yorucu dözülməz ağrılara gətirir.

Bu xəstəliyin yaranması ümumi orqanizmdə gedən proseslərlə və yerli təsiredici amillərlə bağlıdır. Ümumi səbəblərdən ilk növbədə revmatizm xəstəliyi, eləcə də osteoporoz, hormonal dəyişikliklər və nevrozu xüsusi qeyd etmək istəyərdim. Yerli səbəblərdən isə dişləmənin pozulması ilə müşahidə olunan diş-çənə sisteminin müxtəlif patologiyalarını qeyd etmək lazımdır.

– Üz-çənə nahiyəsinin iltihabı proseslərin səbəbini nədə görürsünüz?

– Burada əsasən diş mənşəli iltihabı proseslərlə daha çox rastlaşırıq. İmmunitetin aşağı düşməsi bu xəstəliyin daha da sürətli inkişafına gətirir və ölümlə nəticələnə bilir.

Diş mənşəli iltihab proseslərinin artması ağız boşluğunun gigiyenası, stomatoloqa vaxtında müraciət etməmək və bəzi stomatoloji xidmətin lazımı səviyyədə olmamasından irəli gəlir.

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

5/5 - (1)

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam