Uşaqlarda revmatizm: çıxış yolu nədir? – MÜSAHİBƏ

1134
0
Günay İsmayılova

“Əksər hallarda revmatizm ilkin olaraq oynaqların zədələnməsinə səbəb olur. Bu, əsasən diz, topuq, dirsək, çiyin, az hallarda mil-bilək oynaqlarında inkişaf edir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova qurumun rəsmi saytına müsahibəsində deyib.

Həmin görüntüləri təqdim edirik:

– Günay xanım, revmatizm və xəstəliyin əlamətləri haqqında məlumat verərdiniz.

– Revmatizm (revmatik qızdırma, Sokolski-Buyo xəstəliyi) – birləşdirici toxumaların iltihabı xəstəliyidir. Xəstəliyin klinik mənzərəsi mərhələsindən, formasından, prosesin kəskinliyindən, orqan və sistemlərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlifdir. Tədricən oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudluğu, ürək-damar (miokardit, endokardit) və başqa orqan sistemlərinin zədələnməsi ilə özünü büruzə verir.

– Revmatizmin səbəbləri nədir?

– Revmatizmin törədicisi A tipli β-hemolitik streptokokdur. Mikroorqanizm angina, faringit, kəskin respirator infeksiyalar, qızıl yel, skarlatina və s. kimi xəstəliklərə səbəb olur. Adətən revmatizmin klinikası bu xəstəliklərin kəskinləşməsindən 1-2 həftə sonra başlayır. İnsan orqanizminin immun sistemi infeksiyaya cavab reaksiyası olaraq xüsusi anticisimlər əmələ gətirir. Məlumdur ki, streptokokların ifraz etdiyi fermentlər ürək əzələsinə toksik təsir göstərir. Bundan əlavə, həmin fermentlər insan orqanizminin zülallarına bənzər bir quruluşa malikdirlər. Buna görə də əmələ gələn anticisimlər təkcə mikroblara deyil, həm də öz toxumalarına hücum etməyə başlayırlar. Beləliklə də revmatik ürək xəstəliyi, artrit, glomerulonefrit inkişaf edir. Bu səbəblərdən revmatizm infeksion allergik xəstəlik hesab olunur. Bir çoxumuz angina ilə xəstə olmuşuq, lakin revmatizm insanların yalnız 1-3 faizində inkişaf edir. Buna bəzi amillər səbəb olur:

• streptokok infeksiyasının yanlış müalicəsi;

• genetik meyil;

• vitamin və mikroelementlərin çatışmazlığı;

• autoimmun xəstəliklərin olması (lupus, sklerodermiya və s.).

– Revmatizm daha çox hansı yaşlarda müşahidə edilir?

– Xəstəliyə əsasən uşaq və yeniyetmə yaşlarında (7-15 yaş) rast gəlinir. Birincili revmatizm yaşlı və qocalarda nadir hallarda rast gəlinir. Qadınlar kişilərə nisbətən 2,5-3 dəfə çox xəstələnirlər.

– Revmatizm hansı xəstəliklərin yaranmasına səbəb olur?

– Revmatizmin bir neçə klinik forması var: poliartrit (oynaqların zədələnməsi), revmokardit (ürəyin zədələnməsi), annulyar eritema (dəridə halqavari səpkilər), revmatik xoreya, ağır nevroloji simptomlar (əllərin titrəməsi, əzələ zəifliyi, qeyri-iradi hərəkətlər), dərialtı düyünlər (oynaqlarda dəri altında bərk düyünlər) və s.

Əksər hallarda revmatizm ilkin olaraq oynaqların zədələnməsinə səbəb olur. Bu, əsasən diz, topuq, dirsək, çiyin, az hallarda mil-bilək oynaqlarında inkişaf edir. Zədələnmiş oynaqlarda ağrı, şişkinlik, dəri örtüyünün qızarması müşahidə olunur. İkinci olaraq ürəyin revmatik mənşəli zədələnməsidir. Bu zaman prosesə ürəyin hər 3 qatı cəlb oluna bilir. Bu, özünü döş sümüyü arxası ağrı, təngnəfəslik, ürək döyüntüsünün tezləşməsi, ritm pozulmaları, qapaq çatışmazlığı əlamətləri ilə göstərir. Bundan başqa, ağciyərlərin, böyrəklərin, mərkəzi sinir sisteminin revmatizm mənşəli zədələnmələri də inkişaf edə bilər.

– Uşaqlarda revmatizmin gedişatının xüsusiyyətləri necədir?

– Uşaqlarda revmatizm böyüklərə nisbətən daha şiddətli keçir. Əsasən revmokardit formasında rast gəlinir, uşaqlarda ürək qüsurları daha tez-tez və daha sürətli formalaşır. Poliartrit isə uşaqlar üçün çox xarakterik deyil. Digər ekstrakardial əlamətlər (halqavari səpgilər, dərialtı düyünlər, xoreya) nisbətən çox görülür. Lakin, böyüklərlə müqayisədə daha ağır gedişata baxmayaraq uşaqlarda xəstəlik dərman müalicəsinə daha yaxşı cavab verir, ağırlaşmaların qarşısını almaq mümkün olur.

– Revmatizmin ilkin mərhələsində müalicəsi varmı?

– Müalicəyə xəstəliyin erkən vaxtında, aktiv fazasında başlanılması daha məqsədəuyğundur. Çünki bu mərhələdə birləşdirici toxumada, ürəkdə və başqa orqanlarda gedən dəyişikliklər geriyə dönən olur. Əks halda proses müalicəyə çətin tabe olaraq oynaqlarda yaranan dəyişikliklər səbəbindən hərəkət məhdudluğu, mitral və digər ürək qapaqlarının qüsurları, ürək çatışmazlığı, böyrək və sinir sistemində ağırlaşmalar kimi ciddi patologiyalara səbəb olur.

– Xəstəliklə bağlı insanlara məsləhətiniz nə olardı?

– Revmatizm bir çox ciddi ağırlaşmalara səbəb olan bir xəstəlikdir. Əlbəttə ki, xəstəliyin inkişafının qarşısını almaq üçün profilaktik tədbirlər görmək daha məqsədəuyğundur.
Əsas profilaktik tədbirlərə aiddir:

• streptokok infeksiyalarının vaxtında müalicəsi;

• antibiotik terapiyasının tam kursunun aparılması (həkim məsləhəti olmadan antibiotikoterapiyanı dayandırmamaq);

• kəskin respirator infeksiyalı, anginalı, kəskin faringitli xəstələrlə təmasdan qaçmaq;

• immun sistemi gücləndirmək məqsədilə ümumi tədbirlər aparmaq (balanslaşdırılmış pəhriz, fiziki fəaliyyət, təmiz havada gəzinti).

Xəstəliyin əlamətləri varsa, dərhal həkimə müraciət olunmalı və bütün tövsiyələrə əməl edilməlidir.

Bu Video sizə daha maraqlı ola bilər

Uşaqlarda cinsi inkişaf necə gedir – Medical Meida Live

usaqlarda cinsi inkisaf

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Göz çəpliyinin tam sağalması mümkündümü? – Oftalmoloq Cahid Şahbazov AÇIQLADI

göz çəpliyi

4.5/5 - (2)

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam