Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıblar.
Memorandum tərəflər arasında şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə tibbi xidmətlərin göstərilməsi üçün qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulmasını, eləcə də inkişafı üçün əməkdaşlıq çərçivəsini və koordinasiya prosedurlarını müəyyən edir.
Memorandum çərçivəsində “YAŞAT” Fondu tərəfindən TƏBİB-ə təqdim olunacaq avadanlıqlar qurumun tabeliyində olan “Yeni klinika” tibb müəssisəsində xidmətlərin göstərilməsi üçün istifadə ediləcək. Əməkdaşlıq çərçivəsində “Yeni klinika”da, əsasən, reabilitasiya, müayinə, müalicə və əməliyyatlar icra ediləcək. Bu məqsədlə klinikada 30 (otuz) ədəd çarpayı ayrılıb. Belə ki, gün ərzində müraciətçilərin qəbulu çarpayı sayı və avadanlıqlardan gündəlik istifadə limiti nəzərə alınaraq müəyyənləşdiriləcək.
TƏBİB “YAŞAT” Fondu tərəfindən reabilitasiya xidməti üçün yönləndirilən subyektlərə ödənişsiz qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin göstərilməsi, habelə həmin şəxslərin müayinə, müalicə və əməliyyat (estetik, plastik əməliyyatlar istisna olmaqla) edilməsi ilə əlaqədar Xidmətlər Zərfinə daxil olmayan xidmətlərin ödənişsiz qaydada həyata keçirilməsini öz üzərinə götürür. Əməliyyat ilə bağlı dərman preparatlarının təchizatı və tibbi əməliyyatların sərfiyyat xərcləri isə “YAŞAT” Fondu tərəfindən qarşılanacaq.
Beləliklə, şəhid ailəsi üzvləri və müharibə əlilləri sözügüdən tibb müəssisəsinə həm Fond tərəfindən təqdim edilən siyahı üzrə, həm də birbaşa müraciət edə biləcəklər.
Tibb müəssisəsinə birbaşa müraciət etdikdə vətəndaşlar şəhid ailəsi üzvü və ya müharibə əlili olmasını təsdiq edən sənədi təqdim etməlidirlər.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar