Səhiyyə Nazirliyində tibb kolleclərinin rəhbərləri ilə görüş keçirilib.
İclasda çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycanda orta tibb təhsilinin şərəfli tarixə malik olduğunu bildirib.
“Lakin əldə olunan nailiyyətlərlə yanaşı, çətinliklər də mövcuddur və biz bütün diqqətimizi onların həllinə yönəltməliyik. Bizim üçün əsas məsələ – tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi, inkişafının təmin edilməsi və ən əsası savadlı kadrların hazırlanmasıdır. Bu məqsədlə nazirlik respublikanın tibb kolleclərinə hər cür köməklik göstərməyə hazırdır”.
Nazir ölkədəki tibb kolleclərində mövcud problemlərin monitorinqi üçün işçi qrupunun yaradılacağını vurğulayıb:
“Bununla yanaşı, tələbələrin intellektual qabiliyyətlərinin inkişafı bizim üçün çox vacibdir. Yaxın gələcəkdə Vahid Elektron Kitabxana Sistemi yaradılacaq və tibb kolleclərinin tələbə və müəllimlərinin istifadəsinə veriləcək”, – deyə nazir əlavə edib.