Azərbaycan həkimi “hüquqşünas”, “sosioloq”obrazından qurtulmalıdır – SƏHİYYƏ TV-nin rəhbəri həkimlərə səsləndi

626
azər

Son günlər məşhur aparıcıların efirində reklam olunan həkimlərin ödədiyi fantastik qiymətlər sosial şəbəkədə təəccüblə qarşılandı. Sən demə həkimlər müxtəlif səpkili proqramlarda çıxış etmək üçün telekanallara və o aparıcılara onminlərlə pul xərcləyirlərmiş. Maraqlıdır, sosial, şou verilişlərdə həkimlərin özünü bu qiymətlərlə reklam etməsi onların karyerasına əslində zərbə vururmu?


Mövzu ilə bağlı Faktmedia.az-a açıqlama verən Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri, SƏHİYYƏ TV-nin təsisçisi Azər Xudiyev bildirib ki, Azərbaycan həkiminin ölkə televiziyalarının reytinqli proqramlarında olmaq istəyi təbiidir:

“Hər kəsin populyarlıq üçün bu cür marketinq üsullarından istifadəni seçməsi normaldır. Əsas məsələ bu üsulu seçəndən sonra həkimin orada hansı obrazda görünməsidir. Bu formada təbliğatı seçən həkim yalnız aparıcının  öncədən hazırlanmış reklam mətninin və reklam bloklarında yayımlanan çarxların ümidinə qalır. Veriliş boyu həkimin elmi fəaliyyəti və uğurlarının praktik həllini ifadə edən bir dənə də olsun tibbi informasiya verilmir. İkinci vacib məqam, bu tip proqramlarda şəxsi maraqların önə keçməsidir. Dövlətin səhiyyə sisteminin gördüyü ağır iş diqqətdən kənarda qalır. 

İcbarti Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB və Səhiyyə Nazirliyinin xidməti haqqında bircə kəlmə də eşidilmir. Təbii, reklamsız, kommersiya maraqları olmadan bunların səsləndirilməsi üçün proqramların mahiyyəti dəyişməlidir. Hazırki reytinq sıralamasında bunun baş tutacağı inandırıcı görünmür. Ən düzgün yol tibbi maarifçiliyin artması sahəsində fəaliyyəti gücləndirmək və Azərbaycan həkiminə daha komfortlu və təsirli marketinq xidməti göstərməkdir. Bu zaman Azərbaycan həkimi “hüquqşünas”, “sosioloq”, “əxlaq məsləhətçisi” obrazından daha tez qurtulacaq və böyük reklam büdcələri ayırmadan da daha çox uğurlar qazanacaq”.

Azər Xudiyev hesab edir ki, daha çox reklama ehtiyacı olan həkimlərimizin kölgədə qalmasıdır:

“Bu cür proqramlarda iştirak haqqının həddən artıq baha olması bir çox həkimlərimizə geniş auditoriyaya çıxmağa imkanı vermir. Bəziləri isə ümumiyyətlə, bu cür reklamdan qaçır və reklam haqlarından məhrum olurlar. Buna görə yanaşma tərzi mütləq dəyişməlidir. Azərbaycan həkiminə öz sənəti, uğurları, elmi fəaliyyəti haqqında geniş danışa biləcək platforma işlənməlidir. Biz Səhiyyə Televiziyası olaraq, az vaxtda bəzi işlər görə bilmişik. Hesab edirik, bu işlər azdır. Xeyli görülməli işlərimiz var. Əsas vəzifəmizsə, məhz həkimimizin tibbi maarifçi platformalarda iştirakı üçün daha komfortlu şərait yaratmaqdır. Onda heç kim, Azərbaycan həkimini saatlarla sosial layihələrdə hüquqşünas, sosioloq və digər obrazlarda görməyəcək. Bu gün İTSDA-da demək olar ki, hər gün xidmətlər zərfini genişləndirir. Xidmətlər zərfində isə ən bahalı əməliyyatları görmək olar. Agentliyin açıqlmalarına nəzər salanda görünür ki, sığorta müqabilində xəstəxanalardan istifadə edənlərin sayı kifayət qədərdir. Reklam olunan həkimlərin icra etdiyi bahalı əməliyyatları çox sadə üsulla icbari tibbi sığorta çərçivəsində vətəndaş etdirə bilər. Ola bilər ki, istisnalar da olsun”. 

Xatırladaq ki, həkimlərin reklam qiymətləri belədir:  ATV telekanalında Zaur Baxşəliyevin “Bizimləsən”verilişində 16-18 min, ATV-nin “Nanəli” proqramında ƏDV xaric 9-12 min, ARB kanalında Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində 17-20 min, “Elgizlə İzlə”də isə 8-9 min, Tolikin “Ümid ilə gəl” verilişində 5 min manatdan başlayır. 

Sevinc Hüseynova

5/5 - (3)
Söhbətə başla
Bizə yazın
Salam