Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, öskürək siropu üç ölkədə 300-dən çox insanın ölümünə səbəb olub. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır.
ÜST bildirib ki, yüksək səviyyədə dietilen qlikol və etilen qlikolun olduğu uşaq öskürək siropu oktyabr-yanvar aylarında yeddi ölkədə satılıb. Sənaye həllediciləri və antifriz kimi istifadə edilən bu maddələr kiçik dozalarda belə ölümcüldür və buna görə də onların dərman preparatlarında olması qadağandır.
Nəticədə üç ölkədə – Özbəkistan, Qambiya və İndoneziyada yüzlərlə azyaşlı uşaq həlak olub.
ÜST bütün 194 üzv ölkəyə xəbərdarlıq göndərərək təhlükəli dərmanların apteklərdən çıxarılmasını, həmçinin yeni faciələrin qarşısının alınması üçün digər tədbirlərin görülməsini tələb edib.