“Tibbi maarifləndirmə çox önəmlidir. Çünki bu kimliyindən, həyatda tutduğun mövqedən, vəzifəndən, yaşından və başından asılı olmayaraq, hər kəs üçün faydalı ola bilər. Öyrəndiyin ən kiçik məlumat sənin həyatını xilas edə bilər”.
Bu sözləri Həkim-psixiatr Aytən Namazova mövsümi depressiya və onun səbəblərini izah edərək bildirib.
Aytən Namazovanın sözlərinə görə, mövsümi depressiyaların əsas səbəbi günlərin qısalması, boz hava şəraitinin üstünlüyü və günəş şüasının azalmasıdır.
Psixatr depressiyanın həm də risk faktorlarına bağlı olduğunu deyir. O, burada əsasən genetik və şəxsiyyət faktorunun, eləcə də psixi və sosial faktorların da rol oynadığını vurğulayıb.
“Bu faktorlar hətta beyində kimyasal dəyişikliklərə də səbəb olur. Dəyişikliklər nəticəsində beyin neyronlarını bir-biri ilə əlaqələndirən mediatorların funksiyası da dəyişir. Funksiyaların dəyişməsi neyronlar arasında əlaqələrin kəsilməsinə səbəb olduğu üçün depressiya halları yaşanır”- deyə Aytən Namazova qeyd edib.