Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə istər daxili auditoriyaya, istərsə də beynəlxalq aləmə çox ciddi mesajlar verdi və demək olar Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Son 104 il ərzində Qərbi Azərbaycan torpaqlarından qaçqın, didərgin düşən, deportasiya olunan, soyqırımına məruz qalan həmvətənlərimizin övladları, varisləri toplanaraq dövlətimizin gücünə, Prezident İlham Əliyevin müdrik siyasətinə sığınaraq tarixi torpaqlarımıza qayıtmaq, onlara qarşı törədilən cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün cari il avqustun 3-də Qərbi Azərbaycan İcmasını təsis etdilər. Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycandan olan və respublikamızın elmi, mədəni, ictimai–siyasi həyatında fəal iştirak edən ağsaqqallar, ziyalılar, gənclər, qadınlar təmsil olunurlar. İcmanın əsas məqsədi xalqımızın öz istəklərinə, arzularına qovuşmasıdır, yəni, Azərbaycan dövlətinin apardığı siyasəti əsas götürərək tarixi torpaqlarımıza – Zəngəzur, İrəvan, Göyçəyə geri qayıtmaqdır. Bizim bir millət, xalq olaraq haqqımız var ki, Qərbi Azərbaycan torpaqlarına geri dönək. Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus olan və min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmalıyıq.
Aztibb.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov söyləyib.
Ə.Əmiraslanov qeyd edib ki, Ermənistan ərazisində qalan böyük mədəni mirasımızın erməni vandalları tərəfindən məhv edilməsi siyasətinin ifşası, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işi məhz yeni yaratdığımız Qərbi Azərbaycan İcmasının fəaliyyətinin prioritetlərindəndir. Belə bir İcmanın təsis olunması təqdirəlayiq haldır. Qərbi Azərbaycan İcmasının fəaliyyəti üçün bütün şərait yaradılıb, dövlət tərəfindən də bu prosesə böyük qayğı göstərilir. Biz də Qərbi Azərbaycandan olan həmvətənlərimizlə birlikdə hər zaman dövlətimizin yanındayıq, Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirik.
“İcma ətrafında birləşən Qərbi Azərbaycandan qaçqın düşmüş insanlar, əslində, özləri bu tarixi hadisələrin informasiya daşıyıcıları və ən böyük sübutlarıdır. Bu baxımdan, İcmanın üzərinə böyük tarixi missiya düşür. Amalı dədə-baba yurduna qayıtmaq olan Qərbi Azərbaycan İcmasına, o yurddan olan insanların, xüsusilə ağsaqqalların və ziyalıların böyük marağı və axını vardır. 44 günlük Vətən müharibəsi bizə Azərbaycanın 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı. Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Ordumuzun rəşadəti, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb”, – deyə akademik qeyd edib.
Diqqətə çatdırılıb ki, qazandığımız Zəfər təkcə işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməyəcək, həm də bizim Qərbi Azərbaycan torpaqlarına qayıdışımızın təməlini qoyacaq. Qərbi Azərbaycan əsilli gənclərimiz Müzəffər Ali Baş Komandana olan inam və sevgi ilə “Qarabağ Azərbaycandır!” – “İrəvan Azərbaycandır!” şüarları ilə Vətən müharibəsində döyüşüb, Şəhid, Qazi, Vətən Qəhrəmanı oldular. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bəzi sərhəd rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ancaq düşmən bir daha əmin oldu ki, Azərbaycan Ordusunun güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar və “dəmir yumruq” yerindədir.
Görüşdə dövlətimizin başçısının tariximizin qara səhifələrinin unudulmamasını da tövsiyə etdiyini, həmin səhifələri bir-bir incəliklə vərəqlədiyini deyən akademik qeyd edib: “1918-ci ildə İrəvanın yeni qurulan Ermənistan dövlətinə paytaxt kimi güzəştə gedilməsinin tarixi cinayət olduğunu və bu güzəştin ermənilərin növbəti iddialarının baş qaldırmasına səbəb olduğunu vurğuladı. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana verilməsini növbəti tarixi cinayət adlandırdı. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasını xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirdi. O xalqa ki, İkinci Dünya müharibəsində Sovet İttifaqının qələbəsini Azərbaycan nefti təmin etmişdi. 1987-ci ilin payızında Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra Moskvanın himayədarlığı ilə erməni millətçiliyinin baş qaldırması nəticəsində azərbaycanlıların üç il ərzində Ermənistandan deportasiyasını xalqımıza qarşı növbəti cinayət kimi xarakterizə etdi. Daha sonra Qarabağın və Şərqi Zəngəzurun işğalı ilə 30 il ərzində növbəti faciələrimizi yaşadıq. Ermənistandan azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salındığı dövrdə Azərbaycanda olan siyasi hakimiyyət nəinki bu məsələyə həssaslıqla yanaşdı, əksinə qaçqınların öz iqlim şəraitlərinə uyğun olan yerlərdə, xüsusilə Qarabağın dağlıq hissələrində məskunlaşmalarına belə mane oldular”.
Ermənistandan qaçqın düşən insanlarımızın uzun müddət həmin dövrün siyasi hakimiyyətindən ögey münasibət gördüyünü vurğulayan Əhliman Əmiraslanov deyib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Qərbi azərbaycanlılara diqqət və qayğı göstərilib. Azərbaycan xalqına qarşı ermənilərin dəfələrlə törətmiş olduğu və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış deportasiya və soyqırımı faktları da tariximizin açılmamış səhifələrindən biri idi. Təəssüf ki, tarix boyu azərbaycanlılara qarşı soyqırımına lazımi səviyyədə siyasi-hüquqi qiymət verilməmişdir. Ulu Öndərimizin ən böyük xidmətlərindən biri xalqımız üçün tarixi və taleyüklü məsələyə – ermənilərin xalqımıza qarşı təxminən iki əsrə yaxın davam etmiş və xalqımıza qarşı ərazi iddiaları ilə həyata keçirdiyi soyqırımı faktlarına münasibəti məsələsidir. Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalamışdır. Xüsusilə Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Azərbaycan xalqının təxminən otuzillik tarixinin elə bir səhifəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Tarixi ərazilərimizdə dövlətçiliyin müasir mərhələsinin yaradılması, vətəndaş cəmiyyəti quruculuğu birbaşa Ulu Öndərin adı ilə bağlıdır.
Ümumiyyətlə, ölkəmizdə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya məsələlərinin ətraflı surətdə, sistemli şəkildə öyrənilməsi və tədqiqi işi, onun xalqımıza və dünya xalqlarına çatdırılması sahəsində iş yalnız Ulu Öndərimizin bu fərmanlarından sonra sistemli şəkil almış və ilbəil daha da mütəşəkkil surətdə təşkil olunur. Dövlətimizin başçısı görüşdə ritorik sual səsləndirdi: “İndi göstərin görək İrəvanın tarixi mərkəzi haradır?” Cavabını da özü verdi: “Bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb”. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmli olacağını bildirdi.
“Dövlətimizin başçısı Qarabağ münaqişəsi həll olunandan sonra indi qarşıda duran əsas məsələnin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsinin olduğunu, bu konsepsiyanın sülhsevər konsepsiya olacağını, bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaların əsasında öz hüququmuzu tələb etməli olduğumuzu, bu işə beynəlxalq hüquqşünasların cəlb edilməli olduğunu bildirdi. Onu da xüsusi olaraq vurğuladı ki, Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”, – deyə akademik fikirlərini yekunlaşdırıb.