20 Yanvar: xalqın qəhrəmanlıq tarixi

hekim

20 Yanvar Ümumxalq Hüzn Günü çağdaş tariximizə qanla yazılmış şanlı bir tarixdir. Xalqımızın heç vaxt unutmayacağı, həm də qürurla xatırlayacağı həmin tarix 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının zülmünə qarşı azadlıq mübarizəsinin doğuluşu ilə əlamətdardır. Həmin gecə sovet rəhbərliyi ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxmış Azərbaycan xalqını hərbi güclə susdurmaq istəsə də, atılan güllələr milli müqavimət sipərinə dəyərək qayıdıb imperiyanın öz kürəyinə sancıldı. Bu yaradan özünə gələ bilməyən imperiya iki il keçməmiş tarixin zibilliyinə gömüldü. Yetmiş il ölkəmizi işğal altında saxlayaraq istismar edən, Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin yerində əsarət səltənəti yaradan sovet rejimi zor və hiylə ilə çox şeyə nail olsa da, xalqımızın milli qürurunu yox edə bilməmişdi. Elə buna görə də ən müasir texnika və silahlarla təchiz edilən ordu əliyalın xalqın qəzəb və nifrətini aşa bilməyərək rüsvaycasına məğlub oldu. Minlərlə dinc vətəndaş gülləbaran edilsə də, Bakıda, digər əyalətlərimizdə misli görünməmiş bir qətliam törədilsə də, insanlarımız əsarətin yeni zəncirini parçalayıb azadlıq savaşına qalxdı.

Xalq hərbi rejim, fövqəladə vəziyyət şəraitində belə öz mübariz şəhidlərini çiyninə qaldıraraq dünyaya əyilməz iradəsini və milli ləyaqətini göstərdi. Bütün bu vəhşiliklərə rəğmən işğalçı kütləvi insan qırğınını gizlətmək istiqamətində növbəti cinayətinə əl atdı. Dövlət televiziyasının enerji bloku partladılaraq Azərbaycan informasiya blokadasına salındı. O zaman Azərbaycanın mərkəzə bağlı kölə rəhbərliyi qaçıb gizləndi, populist meydan qəhrəmanları da yoxa çıxdı. Xalq özü qanla yazılmış yeni tarixinə sahib çıxaraq xəyanətkar imperiyaya birdəfəlik “yox!” dedi.

Aztibb.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, həmin ağrılı-acılı günlərdə Azərbaycanın iradəsini, haqq səsini dünyaya çatdıran həqiqi liderə ehtiyac var idi və bu missiyanı o vaxtadək Vətəninə olan sədaqətini, xalqına olan sevgisini, müdrik fəaliyyəti ilə sübut etmiş Ulu Öndər Heydər Əliyev cəsarətlə yerinə yetirdi. Ümummilli Lider Bakıda silahlı ordu ilə üz-üzə gələn xalqın səsini imperiyanın mərkəzində, Moskvadakı Azərbaycan nümayəndəliyində kəskin şəkildə ifadə edərək dünyanı bu qırğın barədə məlumatlandırdı. Dahi şəxsiyyət Heydər Əliyev Qorbaçov başda olmaqla keçmiş ittifaq rəhbərliyini cinayətkar adlandırdı. Həyatı üçün yarana biləcək təhlükəyə baxmayaraq, xalqımızın böyük oğlunun dünyanı silkələyən məlum bəyanatı Azərbaycana göstərdiyi xidmətin davamı idi. Ümumiyyətlə, Ulu Öndər harada yaşamasından, hansı vəzifədə olmasından asılı olmayaraq nümunə göstərdi. Bu, lider–xalq vəhdətinin bütün coğrafi və siyasi məhdudiyyətlərə üstün gələn növbəti ifadəsi idi. Proseslər bir daha sübut etdi ki, Ulu Öndər düşmənçilik qəsdi ilə vəzifəsindən kənarlaşdırılmasaydı, xalqımız belə faciə yaşamayacaqdı. Azərbaycana qarşı törədilən bu amansız qırğına təəssüflər olsun ki, siyasi qiymət çox gec verildi. Sonrakı illərdə müstəqil Azərbaycanın rəhbərliyində təmsil olunanlar 20 Yanvar faciəsinə siyasi qiymət verməkdən belə çəkindilər. Xalq yenidən unudulmaz Heydər Əliyevin fədakarlığına şahidlik etdi. Ümummilli Liderin təkidli tələbi ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə siyasi qiymət verdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSRİ Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasındakı tarixi çıxışından danışan deputat diqqətə çatdırıb: “1990-cı il yanvarın 20-də keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı hərbi qətliam törədilməsi bir daha bəyan edildi. 1994-cü ilin yanvarında 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Ulu Öndərin imzaladığı Fərman cəmiyyət tərəfindən məmnunluqla qarşılandı. 1994-cü il yanvarın 5-də isə Ulu Öndərin imzaladığı Fərmanla Milli Məclis 20 Yanvar qətliamını müzakirəyə çıxararaq xalqımıza qarşı törədilmiş bu dəhşətli cinayətə siyasi qiymət verdi”.

Deputat sonda vurğulayıb ki, 20 Yanvar müstəqillik eşqi ilə yaşayan bir xalqın mübarizə etirazına, qəhrəmanlıq tarixinə çevrildi. Azadlıq təşnəsi ilə əliyalın düşmən tanklarından qorxmayan bir xalq xarakter nümayiş etdirərək, dünyanı heyran etdi və təsdiqlədi ki, müqəddəs amalı uğrunda canını qurban verməyə hazırdır. Azadlığımızın ilk müjdəçiləri olan 20 Yanvar şəhidləri hər birimizin qürur mənbəyidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *