Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilati dəstəyi ilə Bakıda II Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir.
Bu barədə SƏHİYYƏ TV-yə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, tədbiri giriş sözü ilə səhiyyə nazirinin müavini İlqar Qasımov açaraq əhaliyə göstərilən hematoloji və transfuzioloji yardımın təkmilləşdirilməsinin dövlətimizin diqqət mərkəzində olduğunu deyib. Qeyd edib ki, Milli Məclis tərəfindən qanın irsi xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı və qan donorluğunun, qan xidmətinin inkişafı barədə qanunlar qəbul edilib. Həmçinin Nazirlər Kabineti tərəfindən qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına, hemofiliya və talassemiya ilə mübarizəyə və qanın bədxassəli xəstəlikləri ilə mübarizəyə dair dövlət proqramları təsdiq edilib.
Konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova ökəmizdə 1750-dən çox qeydiyyata alınmış hemofiliya xəstəsinin olduğunu bildirib.
Agentliyin bu sahədə gördüyü işlərdən danışan Nigar Bayramova qeyd edib ki, Agentlik 2020-ci ildən “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nı və “Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı”nı icra edir. Onun sözlərinə görə, “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” çərçivəsində Agentlik tərəfindən dövlət tibb müəssisələrinin qeydiyyatında olan hemofiliya xəstələri dərman vasitələri ilə təchiz edilir.
Diqqətə çatdırılıb ki, “Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı”nın icrası çərçivəsində Agentlik tərəfindən bu xəstələr üzərində sümük iliyi əməliyyatının aparılması təmin olunur. Eyni zamanda, əməliyyatdan öncəki və sonrakı mərhələdə təyin olunan dərman vasitələri xəstələrə ödənişsiz verilir.
“Gördüyümüz tədbirlərin məqsədi bu xəstələrin səhhətləri ilə bağlı yaranmış problemlərinin vaxtında qarşısını almaqdır”, – deyə Nigar Bayramova əlavə edib.
Daha sonra çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzinin nəinki ölkəmizin, eləcə də regionun ən müasir genetik diaqnostika mərkəzi olduğunu bildirib. Qeyd edib ki, profili və genetik diaqnostika imkanları üzrə regionda xüsusi yeri olan Mərkəzin elmi araşdırma və hematoloji xəstəliklərlə mübarizə sahəsində beynəlxalq əlaqələri uğurla davam edir. Xarici ölkələrin aparıcı mütəxəssislərinin ölkəmizə səfərləri, birgə elmi toplantılar, elmi-praktik seminarlar, eləcə də yerli mütəxəssislər üçün təşkil edilən kurslar bu sahənin inkişafında xüsusi rola malikdir.
Vüqar Bayramov bildirib ki, Talassemiya Mərkəzi tərəfindən beynəlxalq elmi təşkilatlarla, görkəmli elm xadimləri ilə əlaqələrin möhkəmləndirilməsi, elmi-tədqiqat işlərinin aparılması istiqamətində bir sıra mühüm addımlar atılıb. Ötən dövr ərzində Mərkəz tərəfindən Azərbaycan alimlərinin apardıqları nəzəri, təcrübi və kliniki elmi-tədqiqat işlərinin ümumiləşdirilməsi, elmi işlərin, kəşf və səmərələşdirici təkliflərin müzakirəsinə və onların tətbiq edilməsinə hərtərəfli dəstək göstərilib.
Onun sözlərinə görə, 2019-cu ildə I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresindən qarşıya qoyulmuş hədəflər uğurla həyata keçirilib:
“Əminəm ki, II Konqres də hematologiya sahəsindəki yeniliklər, xəstəliklərin diaqnoz və müalicəsini təkmilləşdirmək, xarici mütəxəssislərlə məlumat mübadilələri baxımından əhmiyyətli rol oynayacaq”.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynov isə çıxışında simpoziumda 5 xarici məruzəçi olmaqla, ümumilikdə 12 tibb bacısının müxtəlif məruzələrlə çıxış edəcəyini deyib.
Beynəlxalq konqres işini panel sessiyalarla davam etdirib.
II Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi noyabrın 19-da başa çatacaq.